Yəhudilərin gələcəyini xilas edən qadın: `Peşmanam`


16:58     09 Dekabr 2016 irena-sendler3.jpg

Ağlayan uşağı qucağına alır və anasının önü ilə gecənin qaranlığında yeriməyə başlayır. Tutularsa, ana da öləcək, körpə də. Ana çarəsizcə arxadan səslənir: “Söz ver mənə, uşağım yaşayacaq!” Bu zaman bir saniyəliyə arxaya çönür və cəld formada cavab verir: “Sənə bu sözü verə bilmərəm, amma uşaq sənin yanında qalarsa, öləcəyinə əmin ola bilərsən”


Düşünün ki, gənc bir xristian qadın ikinci dünya müharibəsi illərində yəhudilərin soyqırımı zamanı 2500-dən artıq uşağın həyatını qurtarır. Bu, çox özəl bir qadın, 2008-ci ilin 12 mayında 98 yaşında həyatını itirən İrena Sendlerdir.

İrena Sendler 1930-cu illərdə Varşava Universitetində təhsil alarkən qırğına mərzu qalan yəhudi dostlarını müdafiə etmiş, nəticədə isə səsləndirdiyi “Bu gün mən də yəhudiyəm” şüarına görə universitetdən qovulur. Müharibə illərində Polşada Zeqota adlı yəhudilərə yardım qurumunda çalışan İrena Sendler 25 nəfərlik heyətlə birlikdə 1940-1943-cü illər arasında 2500 azyaşlı uşağı gettolardan xilas edir.

İrenanın taleyini 7 yaşında olarkən yoluxucu xəstəlikdən vəfat edən atasının ölməzdən əvvəl dediyi bu sözlər müəyyən etdi: “Boğulan bir insan görsən, dərhal suya atıl və onu xilas etməyə çalış. Əgər üzə bilmisənsən belə, suya atılmalısan!”.

1910-cu ildə Polşanın Otvok şəhərində dünyaya gözünü açan İrenanın atası ixtisasca həkim idi. O, həm də Polşanın ilk sosialistlərindən biri hesab olunur. Atası İrenaya sosial və etnik ayrıseçkilik etmədən insanları sevməyi aşılamışdı.



Xəstəxanalarda tibb bacısı kimi fəaliyyət göstərən İrena Varşava Gettosundakı insanlıq dramına seyirci qalmayaraq alman əsgərlərin virusa yoluxması halından istifadə edib əsgərləri müayinə etmək adı ilə gettolara girib-çıxmağa başladı. Gettoda olan uşaqları oradan gizlincə çıxarmaq və həyatlarını qurtarmaq üçün hər yola əl atan bu cəsur qadın üçün digər problem yəhudi ailələrin güvənini qazanmaq idi. İrena yəhudi valideynlərə uşaqlarını Katolik monastrlara və sığınacaqlara götürəcəyini inandırmağa çalışırdı. Lakin yetərincə tədirgin olan yəhudi ailələr üçün bir xristiana güvənmək də bir o qədər çətin idi.

İrena uşaqları gettolardan gah təcili yardım işçilərinə məxsus bel çantalarına qoyaraq, gah yeraltı kanalizasiya boruları vasitəsilə, gah da çamadanlara, hətta meyit torbasına yerləşdirərək xilas edirdi.

Zeqota təşkilatı 16 blokdan ibarət olan Varşava gettosundakı 450 min yəhudi üçün yemək, dərman və geyim yardımı edirdi. Gettodakıların sonunun ölüm olacağını anlayan İrena edilən yardımların sadəcə olaraq ölümün gecikdirilməsi məqsədi daşıdığının da fərqindəydi.

Gettodan çıxarılan uşaqlara yeni adlar qoyaraq yəhudilərin yaşamadığı bölgələrdə yerləşdirirdi. İrena müharibə bittikdən sonra ailələrin uşaqlarını rahatlıqla tapa bilməsi üçün uşaqların adlarını siqaret kağızlarına yazıb şüşə bankalara yerləşdirərək qonşusunun həyətindəki alma ağacının dibinə basdırırmış.



Jolanta kod adla İrena Sendler Gestapo tərəfindən həbs olunaraq aylarla işgəncə gördüyü Paviak Həbsxanasına göndərilir. Məruz qaldığı işgəncələrə rəğmən Zeqota heyətini ələ verməyən bu cəsur qadın Zeqotanın alman mühafizəçilərə verdiyi rüşvət sayəsində qolları və ayaqları qırılmış, şüuru itmiş vəziyyətdə sağ qurtulur.

Heç bir uşağın valideyni müharibədən sağ qurtulmadığı üçün Zeqota nümayəndələrindən Adolf Berman 400 uşağı İsrailə gətirir. Digərləri isə yeni ailələrinin yanında yaşamağa başlayır. İrena müharibədən sonra da sosial fəaliyyətini davam etdirir. O, 1965-ci ildə Yad Vaşem Holokost Muzeyi tərəfindən göstərdiyi şücaətə və ədalətli mövqeyinə görə medalla mükafatlandırılır. Lakin o dövrkü kommunist rejimi İrenanın İsrailə getməsinə mane olduğu üçün İrena mükafatını 1983-cü ildə ala bildi.

2007-ci ildə Polşa prezidenti Lex Kaçinski İrenanı Nobel sülh mükafatınanamizəd göstərdi. Lakin mükafat qlobal istiləşmə və iqlim dəyişikliyi barəsində mühazirələr oxuduğuna görə 1993-2001-ci illər aralığında ABŞ dövlət başçısının köməkçisi postunda əyləşən Albert Qora verilir.



İrena Sendler 12 may 2008-ci ildə 98 yaşında həyata gözlərini yumur. Onun həyatı Anna Mieskovskanın qələmə aldığı “Soyqırım uşaqlarının anası: İrena Sendlerin həyatı” adlı romana mövzu olub. Bundan başqa dəfələrlə səhnələşdirilən “Bankadakı həyat” (“Life in a Jar”) adlı teatr tamaşasında da onun həyatından bəhs olunur.

Yəhudi uşaqların həyatını qurtarmaq üçün öz həyatını təhlükəyə atan İrena 2500 uşağın adını da yazıb saxlamağı unutmur. Bununla da əslində o uşaqların həm keçmişini, həm də gələcəyini xilas etmiş olur. 1942-ci ildə İrenanın qurtardığı uşaqlardan biri Elzbieta Ekovaska açıqlamalarının birində İrena barəsində “O təkcə bizi yox, həmçinin uşaqlarımızı, nəvələrimizi və gələcək nəsillərimizi də qurtardı” deyib.

Ölümündən bir neçə il əvvəl PolşaTV-lərindən biri İrenanı böyük bir tok-şouya dəvət edir. Proqramda qonaqlarla bərabər yüzlərlə tamaşaçı da iştirak edir. Yalnız proqramın sonunda İrenaya açıqlanır ki, ətrafında əyləşən tamaşaçılar onun vaxtı ilə həyatlarını xilas etdiyi həmin uşaqlardır.

Özünü qəhrəman olaraq görməyən, “Mən normal olanı etdim, daha da artığını edə bilərdim. Bu peşmanlıq məni ölənə qədər təqib edəcək” deyən İrena 20017-ci ildə bir TV kanalına verdiyi müsahibəsində insnlığa son nəsihətlərini çatdırır: “İkinci dünya müharibəsindən sonra müharibələrin bir daha təkrarlanmayacağını düşünürdük, lakin yanıldıq. Bu gün də dini, etnik zəmində hərbi münaqişələr gedir. Lakin hər şey öz yoluna düşə bilər. Yetər ki, insanlığa qarşı sevgi və ədalət bizimlə olsun”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 7281


Oxşar xəbərlər